Hekayələr. Азиз Несин
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 14
Aradan illər keçdiyi üçün bu qəzetdə baş vermiş bir hadisəni böyük günah işləmiş kimi sizə danışmaq istəyirəm. Çünki bu qəzetin mənim bir yazıma görə bağlandığını bu günə qədər hələ heç kəs bilmir.
Bu hadisə belə oldu. Gözlədiyim fürsət bir gün gəlib çıxdı. Qəzetin sahibi məni çağırıb:
– Daxili işlər naziri qatarla İstanbula gəlir, – dedi. – Başqa qəzetlərin bundan xəbəri yoxdur. Dərhal Heydərpaşaya10 get və nazirdən xüsusi bir müsahibə al!
O biri qəzetlərin müxbirlərindən qabağa düşə bilmək həyəcanı ilə Heydərpaşa vağzalına gəldiyim zaman başqa qəzetçiləri də orada naziri gözləyən gördüm. Qatar saat yarım sonra gələcəkdi. Tez bir taksiyə atılıb öncəki stansiyaya getdim. Mən naziri orada qarşılayacaq və Heydərpaşaya qədər onunla söhbət edəcəkdim. Qatar gəldi, nazir qatardan düşdü və onu qarşılayanlarla birlikdə maşına mindi. Mən onun yanına soxulub qəzet sahibinin ehtiramını ona yetirdim. Mənim bu hərəkətimi görən nazir:
– Buyurun, siz də bizimlə gəlin! – dedi.
Keçib sürücünün yanında oturdum və nazirdən qəzetimiz üçün məxsusi bir müsahibə verməsini xahiş etdim. Qoy o biri müxbirlər onu Heydərpaşada gözləməklə vaxt itirsinlər. Mən hamısını qabaqlayacaqdım. Nazir bütün daxili işlər nazirlərinin dediklərini eynən təkrar etdi: “Ölkə əhalisinin sayına görə polislərin sayı azdır. Vətəndaşlar polisə kömək etməlidirlər. Bunu vətəndaşlardan şəxsən xahiş edirəm. Polis sıraları genişləndiriləcək. Xüsusi polis dəstələri yaradılacaq. Polis idarələrində vətəndaşlar daha döyülmür və bundan sonra da döyülməyəcək… Ölkənin heç bir yerində asayiş pozulmur. Polislər üçün daha yaxşı maddi imkanlar yaradılacaq. Polislərə təzə, modern geyim veriləcək”.
Sözün qısası, indiyə qədər bütün daxili işlər nazirlərindən eşidə-eşidə əzbər bildiyimiz sözləri indi də ondan eşitməli oldum.
Ertəsi gün onun müsahibə təkcə bizim qəzetdə çıxmışdı. Beləliklə, bütün rəqiblərimiz əliboş qalmışdı. Amma bununla birlikdə, elə o günü bizim qəzet bağlandı. Onun nədən, nə üçün bağlandığını bu günə qədər hələ heç kəs bilmir. Bu gün onu gələcəkdə mətbuat tarixi üçün xeyri olar deyə açıb deyirəm.
Daxili işlər nazirinin müsahibəsi dərc edilən günü qəzetimizdə bir cinayət xəbəri də buraxılmışdı. Bundan başqa, qəzetimiz yaxşı satılsın deyə o günü bir pornoqrafik xarici romandan hissə də verilmişdi. Qəzetdə bu üç yazı, yəni nazirin müsahibəsi, cinayət haqqında xəbər, bir də o pornoqrafik romanın hissəsi bir məqalə içində bir-birinə qarışmışdı. Sanki birisi bunları bilə-bilə belə etmişdi. Mən o gündən bəri saxladığım həmin qəzetdəki yazını aşağıda eynən verirəm:
Şakir adı ilə tanınmış, qatı cinayətkarlardan olan möhtərəm daxili işlər naziri təhqiqat aparmaq üçün dünən qatarla şəhərimizə təşrif gətirmişdir. Dünən baş verən bu dəhşətli cinayətdən sonra daxili işlər naziri qəzetimiz üçün məxsusi bir müsahibə verərək demişdir:
“Məşuqəm kök Məlahətin başqaları ilə də cinsi əlaqədə olduğunu mənə söylədilər. Çoxdan bəri idi ki, onu izləyirdim”.
Ölkəmizin hər yerində asayişin hökm sürdüyünü deyən möhtərəm daxili işlər nazirimizin bu qorxunc cinayəti keçirdiyi bir böhran nəticəsində işlədiyi məlum olmuşdur. Öldürdüyü qadınla altı aydan bəri əlaqədə olub, hadisə gecəsi qəfildən evə gələrkən qapının arxasından Janetin iniltisini duymuşdur. Açar deşiyindən baxarkən çılpaq olan Janetin “Frank, əziz Frank, sən mənim rastlaşdığım ilk kişisən” deyə şəhvətlə inildədiyini gözləri ilə görmüşdür. Birdən-birə ağlını itirərək müxbirimizə “Vətəndaşlardan polisə kömək etmələrini xahiş edirəm” demişdir.
“Hərəkətlərindən şübhələndiyim Məlahəti üç aydan bəri təqib edirdim. Dünən gecə içdikdən sonra evə gəldiyim zaman apardığım təftişdə bəzi polislərin saqqal buraxdıqlarını və uzun bığ saxladıqlarını gördüm. Təhlükəsizlik təşkilatına bundan sonra belə polislərin bığlarını qırxdırmaları haqda sərəncam verilməsindən dəhşətə gələn Moris nişanlısı Janeti əmisi Frankın qolları arasında görəndə ondan iyrəndi. Frankın qıllı döşü üstündə qıvrılan Janetə “Polislərimizin həyat şəraitini düzəltmək üçün əlimizdən gələni edirik” demişdir.
Müxbirimizin polislərin uniformaları haqqında bir sualına da “Qızın alt paltarları yerdə idi. Frank Janeti itələyərək “Polislərə daha modern bir geyim veriləcəkdir” demişdir. Cinayətdən sonra qatil olan daxili işlər nazirimiz: “Masanın üstündəki çörək bıçağını qapdım, ondan sonrasını daha yadıma sala bilmirəm”, – deyə fikirlərini bölüşmüşdür”.
Qəzetimizin bu qarma-qarışıq düşmüş yazıya görə bağlandığını heç kəs bilmir. Çünki qəzeti əlaqədar təşkilatlardan başqa heç kəs, hətta onun sahibi də oxumazdı. Onlar elə güman edirdilər ki, qəzetin nəşri birinci səhifədəki baş məqalədə hökumət çox ciddi tənqid edildiyi üçün dayandırılıb.
ADAMI ZORLA DƏLİ EDƏRLƏR
Eynəkli adam:
– Yoldaşlar, – dedi, – bu elə işdir ki, dərhal qərara gəlmək olmaz. Yaxşıca düşünüb-daşınmaq lazımdır.
Orada olanların ən cavanı:
– Bəli, – deyə eynəkli adamın sözünə qüvvət verdi. – Biz çox yaxşı fikirləşməliyik. Elə olmasın ki, öz əlimizlə öz başımıza əngəl açaq.
Çillisifət birisi:
– Əvvəla, – dedi, – gəlin bunu birdəfəlik həll edək, görək biz indikindən razıyıqmı?
Hamı birdən bağırdı:
– Razı deyilik!!!
Çillisifət soruşdu:
– Nə üçün razı deyilik?
Eynəkli:
– Qardaşım, axı o dəlidir, – dedi.
O biriləri də:
– Bəli, bəli, dəlidir. Lap zırramasındandır, – deyə təkrar etdilər.
Çillisifət:
– Məsələ də elə burasındadır. Biz yeni seçkilərdə
10