Hekayələr. Азиз Несин

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Азиз Несин страница 13

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Азиз Несин Hekayə ustaları

Скачать книгу

bax və bir şey yazıb ver, – dedi.

      İşin təhərindən başa düşdüm ki, konserti, hər halda, tərifləmək lazımdır. Mən proqramı bir neçə dəfə oxudum. Heç bilmədiyim Çin dilindəki bir yazını bu qədər oxusaydım, bir şey əzbərləyə bilərdim. Amma bu proqramdakı yazılardan heç bir şey başa düşə bilmirdim. Ariya6, tenor7, solo, Çaykovski və daha nə bilim nələr.

      “Ya Allah, bismillah…” – deyib yazmağa başladım: “Konsert fövqəladə dərəcədə parlaq keçmişdir. Elə parlaq ki, onu dillə tərif etmək mümkün deyil… Belə ilahi bir musiqi olarmı? Pianoda çalan qadın necə xariqələr yaradırdı. Bax pianonu belə çalarlar. Musiqi ruhun qidasıdır, – deyərdilər, mən buna inanmazdım. Amma dünən gecəki konsertdə ruhum qidalananda bu sözün doğruluğuna inandım. Dinləyicilər məst olmuşdular. O nə ariya idi, Allah, mən hələ bu günə qədər belə bir ifa eşitməmişdim… Bravo! Ancaq bircə piano mənə bir az akkordsuz kimi göründü”.

      Ozamankı qəzetlərdə xarici hadisələrə indiki qədər yer verilməzdi. Çünki Amerika ilə indiki qədər cici-bacı olmadığımız üçün bu qədər çox xəbər qaynağımız da yox idi. Daxili məsələlərdə də avam camaat ürkməsin deyə qəzetlərdə konsert və məruzələr haqqında xəbərlərə daha çox yer verilərdi. Mənim konsert haqqındakı məqaləmə də qəzetimizdə geniş yer verilmişdi. Bu məqalə mənim qəzetçilik həyatımda ilk “müvəffəqiyyət”im idi. Qəzetimiz həmin konsert haqqında məqalə buraxmaqla eyni zamanda başqa qəzetlərin hamısını geridə qoymuşdu. Başqa qəzetlərin birinci səhifəsində həmin konsertin təxirə salınması haqda qısaca bir xəbər dərc edilmişdi. Mən isə baş tutmamış bir konsert haqqında rəy yazan ilk müxbir olmuşdum.

      Həmin qəzetdəki daha bir parlaq “qələbə” sayəsində mən işsiz qaldım. Bu əhvalat isə belə baş vermişdi: əcnəbi ölkənin nümayəndə heyəti təyyarə ilə İstanbula gələcəkdi. Qəzetimizin redaktoru mənə adamları təyyarə meydanında qarşılayıb onlardan müsahibə almaq tapşırığını vermişdi. Üstəlik də:

      – Bax keçən səfərki kimi olmasın, – demişdi. – Adamların söyləmədikləri sözləri yazdın, biabır olduq.

      Keçən səfərki biabırçılığın günahı məndə deyildi. Çünki onda ölkəmizə gələn beş nəfər əcnəbinin heç biri türkcə bilmirdi. Ona görə mən də onların dilindən bəzi sözləri uydurmuşdum. (Ozamankı qəzetlərdə "uiy"8 deyən fransızca, "yes" deyən ingiliscə bilən hesab edilərdi!) Mən o beşnəfərlik qonaqlardan guya: “Ölkəmiz xoşunuza gəldimi?” – deyə soruşmuşdum. Onlar da mənə guya cavab vermişdilər ki: “Ölkəniz çox inkişaf etmişdir. Daha öncəki səfərimizdə bu yeniliklər yox idi. Bu qədər qısa bir vaxt ərzində belə böyük müvəffəqiyyətinizi görəndə heyran olduq. Möcüzə yaratmısınız”.

      Bu yazıda mən bircə səhv buraxmışdım. Sən demə, onlar ölkəmizə birinci dəfə gəliblərmiş.

      Sonra mən həmin heyətdən guya: “Ölkəmizdə nələri bəyəndiniz?” – deyə soruşmuşam. Onlar da mənə: “Doğramacınızı, basdırma yumurtanızı, sucuğunuzu, bir də ən çox turşu-xiyarınızı xoşladıq… Qadınlarınız da çox modern olublar”, – deyiblərmiş.

      Mən bu sözləri heç də özümdən uydurmamışdım. Qəzetlərin köhnə nömrələrini vərəqləmiş, xarici qonaqlara necə suallar verildiyini, onlardan necə cavablar alındığını tapıb olduğu kimi köçürüb yazmışdım.

      – Tez get, – redaktor dedi. – Təyyarə indi gəlib çıxacaq.

      – Bəs yolpulu?

      – Sabah idarədən alarsan.

      Mən oradan birbaşa Babialidəki9 “Balkan” kababxanasına gedib qarnımı yaxşıca doydurdum. Yediyim xörəyin kalorisi ilə zehnim yaxşıca aydınlaşan kimi kitabxanaya getdim və orada oturduğum yerdə təyyarə ilə gələcək heyətdən yaxşı bir reportaj “aldım”, yəni bu dəfə də özümdən uydurdum. Bu o qədər gözəl çıxdı ki, qəzetdəkilər onu dərhal bəyəndilər.

      Ertəsi gün başqa qəzetlərdə həmin heyətin mindiyi təyyarənin İstanbula çatmadan qəzaya uğraması xəbəri verildisə də, bu mənim yazımın dəyərini heç də azaltmadı. Görmədiyim adamlardan müsahibə ala bilmək bacarığıma paxıllıq etdikləri üçün məni işdən qovdular. Axşam qəzetlərindən birinin sahibi bu əhvalatı eşidəndə: “Görmədiyi adamlardan müsahibə alan belə bacarıqlı müxbirin işsiz qalması yaxşı deyil, – demişdi. – Gəlsin bizim qəzetdə işləsin…”

      (Mən bu gün də təyyarələri qəzaya uğrayıb şəhərimizə gələ bilməyən qonaqlardan müsahibə alan gənc müxbirlərin müvəffəqiyyətlərini gördükdə bu cığırı açan ilk adam kimi fəxr edirəm.)

      Beləliklə, mən axşam qəzetində işləməyə başladım. Bu qəzetin redaksiyasında dörd əməkdaşı vardı. Şəhərdə bizim qəzetin rəqibi olan bir axşam qəzeti də vardı. Bir gün qəzetin sahibi bizi toplayıb:

      – Qəzetimizin vəziyyəti yaxşı deyil, – dedi (qəzet az satılanda o, “qəzetimiz”, çox satılanda isə “qəzetim” deyərdi). – Bir çarə düşünməliyik.

      Belə bir çarəni tapmaq bacarığı mənə Allah vergisi kimi verilmişdi. Mən dərhal:

      – O biri qəzet saat beşdə çıxır, – dedim. – Bizimki altıda çıxarsa, ondan daha çox satarıq.

      Mənim bu təklifimin nə demək olduğunu başa düşməyən yoldaşlarım “Tez çıxan qəzet xəbərləri daha tez verəcəyi üçün o daha çox satılar” deyə etiraz etdilərsə də, qəzet sahibi: “Sənin dediyini təcrübədən keçirək”, – dedi.

      Beləliklə, rəqib qəzetdəki bütün xəbərləri götürür və bir az da ora-burasını dəyişdirib öz qəzetimizdə verirdik. Beləliklə, onların on beş əməkdaşının gördüyü işi biz dörd nəfər daha yaxşı bacarırdıq.

      Bir gün həmin rəqib qəzetdə belə bir xəbər dərc edilmişdi:

      “Artin Yaşabasmazyan adlı bir vətəndaşımız evin üstündə asılmış bayrağın dirəyin ucuna ilişdiyini görüb onu açmaq və dalğalanmasına imkan yaratmaq üçün oraya dırmaşarkən şalvarının arxası şiş dəmirə ilişmişdir. Dirək zavallı adamın ağırlığına davam gətirməyib sınmış, bədbəxt vətəndaşımız da evin beşinci mərtəbəsindən səkinin daşları üstünə düşərək ölmüşdür. Artin Yaşabasmazyanın cəsədi isə onunla birlikdə yerə düşən bayrağımızla örtülmüşdür”.

      Bu xəbərdə qəzanın baş verdiyi evin ünvanı da göstərilirdi. Mən xəbəri dərhal kəsdim, ora-burasını da dəyişib “Zavallı Artin bayrağın dalğalanması uğrunda şəhid oldu”

Скачать книгу


<p>6</p>

Ariya (ital. – hava) – klassik musiqidə ifaçının orkestrin müşayiəti ilə oxuduğu hissə

<p>7</p>

Tenor – latın dilindən tərcümədə tenor “saxlayıram” deməkdir. Yüksək kişi səsidir. Diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "lya" səsinə qədərdir. Bəzən ikinci oktavanın "si" səsinə qədər də ola bilər. İki növü var: lirik və dramatik tenor.

<p>8</p>

Uiy ( fransızca əsli – oui) – bəli

<p>9</p>

Babiali – İstanbulda qəzet, jurnal redaksiyaları və eləcə də nəşriyyatların çoxunun olduğu bir küçənin adı