Bakı rüzgarı. Saryal İsmayıl
Чтение книги онлайн.
Читать онлайн книгу Bakı rüzgarı - Saryal İsmayıl страница 7
Dörd gün keçsə də hələ şiddətli atışma başlamamışdı. Bəlkə də, toqquşmaya bununla da son qoyula bilərdi; Amma Hacıkənddə türklərə məxsus binaların ermənilər tərəfindən yandırılması toqquşmanı alovlandırdı. Xəbər türklər arasında həyəcan yaratdı, cavanları səngərdə saxlamaq mümkün olmadı. Körpü keçiləcək, şiddətli döyüş başlayacaqdı.
Lazımi hazırlıqlar başa çatmaq məqamında rus idarəçiləri fikirlərini dəyişdilər, toplarını körpünün yanına gətirib bir neçə dəfə atəş açdılar, toqquşmanın başa çatdığını elan elədilər.
Türk-erməni toqquşması sona çatdırılmışdı, amma türklərlə ermənilər arasındakı dostluq pozulmuş və o dostluğun yenidən qurulması üçün uzun illər tələb olunurdu. Toqquşma yalnız rus idarəçilərini uzun müddətli rahatlığa qovuşdurmuşdu.
Toqquşma şəhərin həyatında da bəzi dəyişikliklər elədi. Türklər yaşayan tərəfdəki böyük erməni ticarətxanaları bağlandı, böyük bazarın cah-calalı pozuldu. Yalnız gimnaziyanın bir hissəsi müvəqqəti olaraq açıldı. Türk əhalisi istirahət yerlərinə gedə bilmədi, yay aylarında qan-tərə batdı, gecələrini narahatlıq içində keçirdi.
* * *
İllər keçmiş, türk-erməni toqquşması unudulmuş, izləri yox olmuşdu. Oğuz məktəbə yenə ermənilər yaşayan tərəfdə getməyi davam eləyirdi, sonuncu sinfə keçmişdi. Ölkənin həyatı əvvəlki vəziyyətinə qayıtsa da, qabaqcıl adamlar camaatı ayıq olmağa səsləyirdilər.
Oğuzun qohumlarından Həmid Yusifbəyli hökumətdən icazə alıb bəzi yoldaşlarıyla birgə mətbəə açdı. Xalqın maariflənməsinə fayda verəcək kitablar və jurnallar türk dilində çap edib ya maya dəyərinə, ya da pulsuz olaraq camaata paylamağa başladılar. Fəaliyyətləri qısa müddətdə genişlənib əhali tərəfindən rəğbətlə qarşılandı, amma mətbəənin ömrü uzun olmadı. Hökumət qüvvələri oraya hücum elədi, görülən işlər rus siyasətinə uyğun sayılmadığına görə, Həmid Yusifbəyli ölkədən çıxarıldı. O da İstanbula getdi, oradan seçdiyi üç dəyərli müəllimi dərs vermək üçün Gəncəyə göndərdi.
Müəllimlər şəhər ziyalıları və camaat tərəfindən böyük sevgiylə qarşılandı. Böyük Məscidə məxsus olan binalardan biri məktəb üçün ayrıldı, dördillik tədris proqramı hazırlandı və icazə almaq üçün hökumətə müraciət edildi. İcazə almağı asanlaşdırmaq üçün qərara alındı ki, proqramda din dərslərinə xeyli yer ayrılsın, məktəbin adı da Məktəbi-Ruhani olsun.
İcazə verildi, seçilmiş adamlar da işə ciddiyyətlə girişdilər. Varlı türk ailələri pul yardımı elədilər, sonrakı illərdə də məktəbə himayə göstərəcəklərini bildirdilər. Məktəbin gələcəyi təminat altına alınmışdı. Dərhal seçmə üsuluyla şagird qəbuluna başlandı.
Məktəbin açılış günü Gəncə ayağa qalxdı. Məktəbin küçə qapısı qarşısındakı böyük meydança və yan küçələr insan izdihamıyla dolmuş, şagirdlərə eyni parçadan və eyni formada tikilmiş paltar geyindirilmişdi. Uşaqlar yaxalarına üzərində “MR” yazılmış nişanlar taxmışdılar. Bayram havasıyla nitqlər söyləndi. Alqışlar kəsilmək bilmirdi. Şəkil çəkən fotoqraflar ətrafda dolaşırdılar. Lap axırda hamı bir ağızdan Milli Marş oxudu.
Başlanan bu sevinc və ümid dolu fəaliyyəti ancaq bir neçə ay davam etdirmək mümkün oldu. Yağışlı günlərin birində, uşaqlar dərsdə olanda polis agenti yanında iki əsgər məktəb müdirinin otağına girdi, ona bir məktub uzadıb:
– Məktəbinizin açılmasına ilahiyyat dərsi keçmək üçün icazə verilmişdi. Halbuki din dərsləri bir kənara qoyulub başqa yöndə tədris aparılır. Görürsünüz ki, irəli sürülən zərurət həqiqətə uyğun deyil, – dedi.
Məktəb müdiri dinib-danışmadan polis agentini dinlədi. Sonra onun gətirdiyi məktubu açıb oxudu. Polis agentini siqaretə qonaq eləyib bir qədər düşündü, nəhayət, cavab verdi:
– Gətirdiyiniz məktubda məktəbimizin bağlanması əmr edilir. Göstərilən səbəb söylədiklərinizlə üst-üstə düşür. Məktəbimizdə təftiş aparılmadan belə bir qərarın qəbul edilməsi və yüzlərlə şagirdin küçəyə atılması haqsızlıq deyilmi? Əksər məktəblərdə olduğu kimi məktəbimizdə də ilahiyyat dərslərilə yanaşı, türk dilində coğrafiya və riyaziyyat dərsləri də keçilir. Hökumət buna görə narahat olmaya bilər. Təkcə dini dərslər keçmək üçün dördillik proqrama ehtiyac yoxdu. Bundan ötrü bir neçə aylıq kurslar da bəs eləyərdi. Hər halda idarəmiz yuxarıya müraciət eləyəcək və məsələnin daha dərindən araşdırılmasını tələb eləyəcək. Sizə indidən deyə bilərəm ki, heç bir qanuna zidd hərəkətə yol verməmişik, yol vermək fikrində də deyilik.
Elə ertəsi gün məktəbin müdiriyyəti Tiflisdə oturan çar canişininə ərizə göndərib məktəbin bağlanmamasını xahiş elədi. Bundan başqa camaat da öz tərəfindən ərizə və xahişnamələr göndərdi. Amma müsbət nəticə əldə eləmək mümkün olmadı, məktəb bağlandı. Çəkilən xərc və zəhmət boşa getdi.
* * *
Xəzər dənizinin qərb sahilində, İran sərhəddinin lap yaxınlığında yerləşən Lənkəran şəhəri yaxın dövrə qədər Gəncə kimi bir türk xanlığıydı. Həmin xanlıq da çarın başladığı müharibəyə tab gətirməyib məğlub olmuşdu.
Oğuzun babası xanlığın bir qolu olan Talışxan nəslindən gəlirmiş. Babasının Gəncəyə köçməsi, burada məskunlaşması, Lənkəranda hələ də qohumlarının olduğu barədə atası ona dəfələrlə danışmışdı. O da uşaqlıq çağlarından bəri Lənkəranı və orada yaşayan qohumlarını görməyi çox istəyirdi. Bu istək oğlanın fikrindən heç vaxt çıxmamışdı.
Təhsilinin başa çatmasına az qalmış istəyi gerçəkləşdi. Atasından icazə alıb ora getdi, məktəbin son siniflərini Lənkəranda oxudu. Aradan keçən illər, nəsillərin dəyişməsi az qala qohumlarının izini silmişdi. Oğuzun məsələni araşdırmasına imkan verən şərait yox idi. Uzaq qohumu olan, onunla eyni sinifdə oxuyan İskəndər Talışxanlını dost seçməklə kifayətləndi. Vəssalam…
Oğuz qısa müddətdə yeni həyatına alışdı, məktəbdə özünə xeyli dost tapdı. Lənkərana gəldiyinə qətiyyən peşiman deyildi. Şəhəri, insanları, xüsusilə dənizi sevdi. Dənizdə üzməyi öyrəndi, vaxtını gözəl keçirməyə alışdı. Ölkənin hər yerində olduğu kimi burada da sərt rus üsul-idarəsi davam eləyir, haqsız hərəkətlər millətçi gənclərə təsir göstərirdi.
Günlərin birində Oğuz bir neçə dostuyla birgə çar rejiminə qarşı gizli təşkilat qurdu. Sanballı maddi və mənəvi köməkdən məhrum olan bir qrup gəncin nəhəng rejimə qarşı etirazından söhbət gedə bilməzdi. Bu hərəkət daha çox gənc nəslin haqsızlığa qarşı ayağa