KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.
Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 25
Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].
Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir75.
Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir əndazə itib gedir. Lakin kağız pullar öz əndazəsini keçsə, yəni həqiqətən tədavüldə ola biləcək eyni adlı qızıl sikkələrin miqdarını ötüb keçsə, bütün bu pulların etibardan düşməsi təhlükəsi hələ bir yana dursun, onlar indi əmtəə aləmində ancaq, ümumiyyətlə təmsil edə biləcəkləri miqdar qızılın, yəni əmtəə aləminin immanent qanunlarının müəyyən etdiyi miqdar qızılın nümayəndəsi olar. Məsələn, kağız pulların müəyyən kütləsi öz adına görə 2 unsiya qızılı təmsil edib real surətdə isə 1 unsiya qızılı əvəz edirsə, o zaman felən 1 f. st. əvvəlki 1/4 unsiya qızıl əvəzinə 1/8 unsiya qızılın pul adı olur. Alınan nəticə tamamilə ona bənzər ki, öz qiymət ölçüsü funksiyası cəhətdən qızılda dəyişiklik baş versin. Əvvəllər 1 funt sterlinqə bərabər qiymətdə ifadə olunan dəyərlər indi 2 funt sterlinqə bərabər qiymətdə ifadə edilir.
Kağız pul qızılın nişanıdır, yaxud pul nişanıdır. Kağız pulun əmtəə dəyərlərinə nisbəti ondan ibarətdir ki, əmtəə dəyərləri kağızlarda hisslə qavranılacaq simvolik ifadə alan miqdar qızılda ideal surətdə ifadə olunur. Kağız pul ancaq müəyyən miqdar qızılı təmsil etdiyinə görə dəyər nişanıdır, hər bir başqa əmtəə miqdarı kimi, qızıl miqdarı da eyni zamanda dəyər miqdarıdır.76
Nəhayət, sual olunur ki, nəyə görə qızılı onun heç bir öz dəyəri olmayan nişanları əvəz edə bilər? Lakin gördüyümüz kimi, ancaq ona görə əvəz edə bilər ki, qızıl öz sikkə və ya tədavül vasitəsi funksiyasında təcrid olunur, müstəqillik kəsb edir. Doğrudur, bu funksiyanın ayrılması ayrı-ayrı qızıl simgələrə aid deyildir, hərçənd bu hal sürtülüb yeyilmiş sikkələrin yenə də tədavüldə qalmasında özünü göstərir. Qızıl parçaları yalnız həqiqətən tədavül etdiyi müddətdə ancaq sikkə və ya ancaq tədavül vasitəsi olur. Lakin ayrı-ayrı qızıl sikkələrə aid olmayan şey kağız pulun əvəz edə biləcəyi minimum qızıl kütləsinə də aid edilə bilər. Bu kütlə daim tədavül dairəsində olur, arası kəsilmədən tədavül vasitəsi funksiyası daşıyır və buna görə də ancaq bu funksiyanın daşıyıcısı kimi mövcud olur. Deməli, bu kütlənin hərəkəti ancaq ondan ibarətdir ki, Ə–P–Ə şəklində olan əmtəə metamorfozunun bir-birinə əks prosesləri daim bir-birinə çevrilir, həm də burada əmtəənin öz dəyər surəti onun qarşısına ancaq bundan ötrü çıxır ki, dərhal yenidən yox olub getsin. Əmtəənin mübadilə dəyərinin müstəqil ifadəsi burada ancaq ötərgi bir haldır. Bunu dərhal başqa bir əmtəə əvəz edir. Buna görə də pulun əldən-ələ keçdiyi prosesdə pulun xalis simvolik surətdə mövcud olması kifayətdir. Pulun funksional varlığı onun maddi varlığını, necə deyərlər, özünə hopdurur. Əmtəə qiymətlərinin ötərgi obyektivləşdirilmiş inikası olmaq etibarı ilə pul ancaq öz nişanı kimi mövcud olur, buna görə də adi nişanlarla əvəz edilə bilər77. Ancaq gərək pul nişanı özünə obyektiv ictimai əhəmiyyət kəsb etsin, elə kağız simvol icbari məzənnə vasitəsi ilə belə bir əhəmiyyət kəsb edir. Bu dövlət məcburiyyəti ancaq həmin dövlət sərhədləri daxilində, yaxud daxili tədavül
74
Gümüş həmişə ancaq xırda tədiyyələr üçün lazım gəldiyi qədər olarsa, heç vaxt qaha iri tədiyyələr üçün kifayət edəcək miqdarda yığıla bilməz… Qızılın iri tədiyyələrdə işlədilməsi onun hökmən xırda alverdə də işlədilməsinə gətirib çıxarır: qızıl sikkəsi olanlar xırda şeylər aldıqda, qızıl sikkə verir və aldığı əmtəə ilə birlikdə qızıl sikkənin artığını gümüş pulla alır; beləliklə, əks təqdirdə xırda alverçidə yığılıb qala biləcək artıq gümüş onun əlindən çıxır və ümumi tədavüldə yayılır. Lakin xırda şeylər aldıqda pulunu qızıl xərcləmədən ödəmək üçün həmişə kifayət qədər gümüş olsaydı, xırla alverçi satdığı xırda şeylərin əvəzində ancaq gümüş alardı və gümüş labüd surətdə onun əlində toplanardı".
75
Maliyyə mandarini Van Mao-in cəsarət edib göylər allahının kölgəsinə üstüörtülü şəkildə Çin dövlət əskinaslarını xırda banknotlara çevirmək məqsədi güdən bir layihə təqdim etmişdi. Buna görə əskinas komitəsinin 1854-cü il aprel hesabatında onun yaxşıca abrını almışdılar. Bu münasibətlə ona müvafiq qədər qarğı çubuğu vurulub vurulmadığı xəbər verilmir. Hesabatın axırında deyilir: „Komitə onun layihəsini diqqətlə ölçüb-biçdikdən sonra bu qərara gəldi ki, həmin layihədə hər şey tacirlərin xeyrinədir və taxt-tac üçün xeyirli heç bir şey yoxdur". Tədavül üzündən qızıl sikkələrin daim metalı itirməsi haqqında ingilis bankının direktorlarından biri lordlar palatasının komissiyası qarşısında verdiyi öz şahid ifadəsində ("bank qanunları" məsələsi barəsində) belə demişdir: "Hər il soverenlərin (siyasi suverenlər deyil, funt sterlinqin adı olan "sovereign" nəzərdə tutulur), yeni qrupu həddindən artıq yüngülləşir. Bunlardan il ərzində tam çəkili olaraq tədavül edənlər bu müddətdə sürtülmə nəticəsində öz çəkisindən o qədər itirir ki, gələn il tərəzinin gözünə atıldıqda əskik gəlir". (House of Lords' Committee, 1848, № 429).
76
2-ci nəşrə qeyd. Pul məsələsindən yazan müəlliflərdən hətta ən yaxşılarının da pulun müxtəlif funksiyalarını nə qədər tutqun başa düşdüklərini, misal üçün, Fullartonun bu sözləri göstərir: «Bizim daxili ticarətimizdən bəhs edildikdə, adətən qızıl və gümüş sikkənin daşıdığı bütün pul funksiyalarını ancaq, qanunla müəyyən edilmiş fiktiv və şərti dəyərə malik dəyişdirilməyən kağız pul da eyni dərəcədə yerinə yetirə bilər. Bu, zənnimcə, heç kəsin inkar etməyəcəyi bir faktdır. Bu cür bir dəyər indi tam dəyərli sikkələrin ödədiyi tələbatı tamamilə ödəyə bilər və hətta dəyər və qiymət ölçüsü funksiyasını daşıya bilər, bu şərtlə ki, tədavülə buraxılan kağız pulun miqdarı lazımi həddən artıq olmasın". (Fullarion. "Regulation pf Currencies", 2 ed. London, 1845, p. 21). Deməli, pul əmtəəsi tədavüldə adi dəyər nişanı ilə əvəz oluna bildiyinə görə, o nə dəyər ölçüsü kimi, nə də qiymət miqyası kimi lazım deyilmiş!
77
Sikkə vəzifəsi, yəni ancaq tədavül vasitəsi vəzifəsi daşıyarkən qızıl və gümüşün dönüb özləri üçün bir nişan olmalarından Nikolas Barbon belə bir nəticə çıxarır ki, hökumətlərin "to raise money" [sikkənin dəyərini qaldırmaq], yəni indiyədək, məsələn, qroş adlanan bir miqdar gümüşə daha artıq miqdar gümüşün adını vermək, deyək ki, taler adlandırmaq və beləliklə də kreditorlara taler əvəzinə qroş vermək hüququ vardır. "Sikkə tez-tez əldən-ələ keçdiyinə görə sürtülüb yeyilir və yüngülləşir… Ticarət işlərində insanlar gümüşün miqdarına deyil, adına və sikkəsinə fikir verirlər… "Hökumətin nüfuzu metal parçasını pula çevirir". (N. Barbon. sitat gətirilən əsər, səh. 25, 29, 30).