KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 23

Жанр:
Серия:
Издательство:
KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс

Скачать книгу

pul isə buna əks olan alqı qütbündə durduğuna görə, – əmtəələrin tədavülü prosesi üçün lazım gələn tədavül vasitələri kütləsini həmin əmtəələrin qiymətlərinin məcmusu artıq müəyyən etmiş olur. Doğrudan da pul ancaq, əmtəələrin qiymətləri məbləğində artıq ideal surətdə ifadə edilmiş qızıl məbləğini real surətdə təmsil edir. Deməli, bu məbləğlərin bərabərliyi özlüyündə aydındır. Lakin biz bilirik ki, əmtəələrin dəyəri sabit qaldıqda, qızılın (pul materialının) öz dəyəri dəyişdikcə, əmtəələrin qiyməti dəyişilir: qızılın dəyəri düşdükdə, əmtəələrin qiyməti mütənasib surətdə qalxır və qızılın dəyəri qalxdıqda, əmtəələrin qiyməti əksinə, mütənasib surətdə düşür. Əmtəə qiymətləri məbləğinin belə qalxması və ya düşməsi ilə bərabər, tədavüldə olan pul kütləsi də eyni proporsiyada çoxalmalı və ya azalmalıdır. Hər halda burada tədavül vasitələri kütləsinin dəyişilməsinə səbəb pul özüdür, lakin öz tədavül vasitəsi funksiyasında deyil, öz dəyər ölçüsü funksiyasında. Əvvəlcə əmtəələrin qiyməti pulun dəyərinin dəyişilməsinə əks nisbətdə dəyişilir, sonra isə tədavül vasitələri kütləsi əmtəələrin qiymətinin dəyişilməsinə düz nisbətdə dəyişilir. Məsələn, qızılın dəyəri düşməyib, dəyər ölçüsü olmaq etibarı ilə onu gümüş əvəz etsəydi, yaxud əksinə, gümüşün dəyəri yüksəlməyib, qızıl gümüşü dəyər ölçüsü funksiyasından sıxışdırıb çıxarsaydı, yenə tamamilə eyni hal baş verərdi. Birinci halda tədavüldə olmuş qızıla nisbətən daha çox gümüş tədavül etməli idi, ikinci halda əvvəllər tədavüldə olmuş gümüşə nisbətən daha az qızıl tədavül etməli idi. Hər iki halda pul materialının, yəni dəyər ölçüsü funksiyası daşıyan əmtəənin dəyəri dəyişilərdi, buna görə əmtəə dəyərlərinin qiymətlərdəki ifadəsi də dəyişilərdi, deməli, tədavül edən və bu qiymətlərin reallaşdırılmasına xidmət göstərən pulun kütləsi də dəyişilərdi. Biz artıq gördük ki, əmtəə tədavülü dairəsində – açıq bir yol vardır və qızıl (gümüş və ümumiyyətlə pul materialı) müəyyən dəyərə malik bir əmtəə şəklində bu yoldan oraya keçir. Bu dəyərin mövcud olması hələ pulun bir dəyər ölçüsü funksiyası daşıdığı zamandan, yəni qiymətlərin müəyyən olunduğu zamandan nəzərdə tutulur. Məsələn, dəyər ölçüsünün öz dəyəri düşürsə, bu, hər şeydən əvvəl, nəcib metalın bilavasitə istehsal edildiyi yerlərdə ona bir əmtəə kimi mübadilə olunan əmtəələrin qiymətinin dəyişilməsində təzahür edir. Lakin başqa əmtəələrin xeyli hissəsi, xüsusilə burjua cəmiyyətinin aşağı inkişaf pillələrində hələ uzun müddət dəyər ölçüsünün artıq xəyali olan, köhnəlmiş dəyərində qiymətləndirilir. Bununla belə, əmtəələr bir-biri ilə dəyər münasibətlərinə girdikcə, bir əmtəə başqasına təsir edir, beləliklə də əmtəələrin qızıl və ya gümüş qiymətləri əmtəələrin öz dəyərləri ilə müəyyən olunan proporsiyalara uyğun surətdə yavaş-yavaş tənləşir və, nəhayət, bütün əmtəə dəyərləri pul metalının yeni dəyərinə uyğun surətdə qiymətləndirilir. Bu tənləşmə prosesində, əmtəələr bilavasitə nəcib metallara mübadilə olunduqca axıb gələn nəcib metalların miqdarı arasıkəsilmədən artır. Buna görə də islah olunmuş bu yeni qiymətlər əmtəələr arasında hansı dərəcədə yayılırsa və ya hansı dərəcədə əmtəələrin dəyərləri metalın aşağı düşmüş və müəyyən nöqtəyədək düşməkdə davam edən bu yeni dəyərində qiymətləndirilirsə, bu yeni qiymətlərin reallaşması üçün lazım gələn əlavə nəcib metal kütləsi də o dərəcədə meydanda mövcud olur. Yeni qızıl və gümüş mədənləri kəşf edildikdən sonra baş verən faktların birtərəfli müşahidə edilməsi XVII əsrdə və xüsusən XVIII əsrdə belə bir yanlış nəticəyə gətirib çıxarmışdı ki, guya əmtəə qiymətlərinin artmasına səbəb, çox miqdar qızıl və gümüşün tədavül vasitəsi vəzifəsini daşımağa başlaması olmuşdu. Bundan sonra biz qızılın dəyərini məlum bir kəmiyyət hesab edəcəyik, zira qiymətlər müəyyənləşdiyi zaman qızılın dəyəri doğrudan da belə bir kəmiyyət olur.

      Deməli, belə fərz etdikdə, tədavül vasitələri kütləsi reallaşmalı olan əmtəə qiymətlərinin məbləği ilə müəyyən edilir. Daha sonra biz fərz etsək ki, hər bir əmtəə növünün qiyməti məlumdur, onda əmtəə qiymətlərinin məbləği, yəqin ki, tədavüldə olan əmtəələrin miqdarından asılı olacaqdır. Doğrudan da çox baş sındırmadan da anlamaq olar ki, əgər 1 kvarter buğda 2 funt sterlinq dəyərindədirsə, onda 100 kvarter buğda 200 funt sterlinq, 200 kvarter buğda 400 funt sterlinq dəyərində olacaq və i. a., deməli, buğdanın kütləsi artdıqca, bu buğda satılarkən onunla yerini dəyişən pul kütləsi də artmalıdır.

      Əgər biz fərz etsək ki, əmtəələrin kütləsi məlumdur, onda tədavüldə olan pulun kütləsi də əmtəə qiymətlərinin qalxıb düşməsi ilə birlikdə artıb əskiləcəkdir. Tədavüldəki pulun kütləsi, qiymətlər kəmiyyətinin dəyişilməsi nəticəsində əmtəə qiymətləri məbləğinin qalxması və ya düşməsindən asılı olaraq artır və əskilir. Burada bütün əmtəə qiymətlərinin eyni zamanda qalxması və ya düşməsi məcburi deyildir. Tədavüldə olan bütün əmtəələrin reallaşmalı olan qiymətləri məbləğini nəzərə çarpacaq dərəcədə qaldırmaq və ya salmaq üçün və, deməli, tədavül dairəsinə daha çox və ya daha az pul cəlb etmək üçün bir halda müəyyən miqdar başlıca əmtəələrin qiymətinin qalxması, başqa halda isə onların qiymətinin düşməsi kifayətdir. Əmtəələrin qiymətlərinin dəyişilməsi istər əmtəələrin dəyərinin həqiqətən dəyişildiyini əks etdirsin, istərsə ancaq bazarda qiymətlərin qalxıb-düşməsindən ibarət olsun, hər iki halda tədavül vasitələri kütləsinə onun təsiri eynidir.

      Tutaq ki, bir-biri ilə bağlı olmayan, eyni zamanda baş verən və deməli, məkanca yanaşı olan müəyyən miqdar satqı və ya natamam metamorfoz vardır, məsələn, 1 kvarter buğdanın, 20 arşın kətanın, 1 bibliyanın, 4 qallon arağın natamam metamorfozu vardır. Əgər bu əmtəələrdən hər birinin qiyməti 2 f. st., deməli, reallaşmalı qiymətlərin məbləği 8 f. st. olarsa, onda tədavülə 8 funt sterlinqə bərabər pul kütləsi daxil olmalıdır. Lakin həmin əmtəələr yuxarıda tədqiq etdiyimiz metamorfozlar sırasının: 1 kvarter buğda–2 f. st.–20 arşın kətan–2 f. st.– 1 bibliya–2 f. st, – 4 qallon araq–2 f. st. sırasının halqalarıdırsa, onda eyni 2 f. st. bütün bu əmtəələri bir-birinin ardınca tədavül etdirib onların qiymətlərini ardıcıl surətdə reallaşdırır, – deməli bu 2 f. st. 8 f. st. məbləğində qiyməti reallaşdırır və axırda araqçəkənin əlində yatıb qalır. Bu 2 f. st. dörd dəfə dövr edir. Eyni pulun bu təkrar yerdəyişməsi əmtəə formasının iki dəfə dəyişilməsini, əmtəənin tədavüldə bir-birinə əks olan iki mərhələdən keçməsini və eyni zamanda müxtəlif əmtəələrin metamorfozlarının qovuşmasını ifadə edir68. Bu prosesin bir-birinə əks olan və bir-birini tamamlayan fazaları məkan etibarı ilə yanaşı baş verə bilməz, lakin zaman etibarı ilə bir-birinin ardınca gəlməlidir. Buna görə də müəyyən zaman müddətləri həmin fazaların davam etdiyi müddətlə ölçülür, yəni pulun tədavül sürəti eyni pul vahidlərinin müəyyən zaman ərzindəki dövrlərinin sayı ilə ölçülür. Tutaq ki, yuxarıda göstərilən dörd əmtəənin tədavül prosesi,

Скачать книгу


<p>68</p>

"Məhz məhsullar onu (pulu) hərəkətə gətirib tədavül etdirir… "Onun" (pulun) „hərəkət sürəti onun miqdarını əvəz edir. Pula ehtiyac olduqda, o bir dəqiqə də dayanmadan əldən-ələ keçir". (Le Trosne, sitat gətirilən əsər, səh. 915, 916).