Hannibal. Richard A. Gabriel

Чтение книги онлайн.

Читать онлайн книгу Hannibal - Richard A. Gabriel страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Hannibal - Richard A. Gabriel Tarixi yaradanlar

Скачать книгу

pərən-pərən salır, yalnız bundan sonra piyada qoşunlara keçirdilər. Hətta Publi Ssipion (oğul) kimi bacarıqlı və qəddar sərkərdə belə süvari qoşunlardakı vəziyyəti dəyişə bilməyib. O, sonda romalılardan əlini üzmüş və ispan muzdlularından ibarət süvari dəstələr yaratmalı olmuşdu.

      Karfagenlilərlə müqayisədə qarşı tərəfin daha bir ciddi əskikliyi kəşfiyyat işinin zəif qurulması idi. Bu səbəbdən də romalılar Hannibalın planlarından və hədəflərindən, demək olar, məlumatsız idi. Onlar mütəmadi şəkildə çıxılmaz vəziyyətdə qalırdılar: nə karfagenlilərin hücumlarından, nə də başqa təhlükələrdən vaxtında xəbər tuturdular. Müxtəlif vaxtlarda Romanın altı legionuna pusqu qurulması və darmadağın edilməsi də dediklərimizi təsdiqləyir.

      Hannibal isə yuxarıda da vurğuladığımız kimi güclü kəşfiyyat xidmətinə sahib idi. O, peşəkar casuslarla yanaşı, tacirlərdən və s. kəşfiyyat məqsədilə mahir şəkildə faydalanırdı. Üstəlik, karfagenli sərkərdə kəşfiyyat xidmətindən yalnız düşmən barədə zəruri bilgilər toplamaq üçün yararlanmırdı. Eyni zamanda ondan qarşı tərəfdə təxribatlar yaratmaq, Roma ilə müttəfiqləri arasına nifaq salmaq üçün istifadə edirdi.

      Bir sözlə, iki amansız rəqibin – Karfagenin və Romanın arasında istər orduların quruluşu, istərsə də döyüş strategiyaları və taktikaları baxımından kəskin fərqlər vardı. Elə onların bir-biriləri ilə hərbi mübarizəsinin taleyini də məhz həmin fərqlər müəyyənləşdirirdi…

      Karfagenlə Roma arasında savaşın səbəbləri

      Karfagen M.ö. 814-cü ildə Finikiya16 şəhər-dövləti olan Tirin müstəmləkəsi kimi yaradılıb. Qeyd edək ki, Qərbi Aralıq dənizi sahilində Finikiya müstəmləkələrinin yaradılması yunanların Şərqi Aralıq dənizi sahilindəki hegemoniyasını zəiflətmək məqsədi daşıyırdı. Nəticədə M.ö. VIII–VII əsrlərdə burada xeyli Finikiya müstəmləkəsi meydana çıxdı. Karfagen isə onlardan yalınız biri idi.

      Müstəmləkələr Siciliyada, Korsikada, Sardiniyada və İspaniyada salınmışdı. Əvvəllər həmin müstəmləkələr sadəcə ticarət məntəqələri rolunda çıxış edirdi. Lakin zaman keçdikcə onların bir çoxu xeyli gücləndi və müstəqil mövqelərə sahib olmağa başladı. Elə Karfagen kimi! Hətta bir müddət sonra iş o yerə çatdı ki, bəzi müstəmləkələr öz nicatını Tirdə deyil, Karfagendə axtarmağa başladı.

      M.ö. 498-ci ildə yunanlar Karfagen şəhərlərinə hücum çəkməyə başladılar. 18 il davam edən bu mübarizədə heç bir strateji uğur əldə olunmadı. M.ö. 480-ci ildə isə karfagenlilər Siciliyaya soxularaq, yunanları adadan qovmağa çalışdılar. Həmin vaxt Karfagen 300 min əsgər, 200 hərbi və 3 min yük gəmisindən ibarət hərbi gücə malik idi. Bu qədər nəhəng orduya isə həmin vaxt Karfagenin aparıcı dövlət xadimi olan Haminkar başçılıq edirdi.

      Qarşı tərəfə gəlincə, 2 yunan tiranı17 – Qelon və Teron 24 min piyada əsgər və 2 min atlıdan ibarət ordu toplamışdı. Müttəfiqlərinin dəstəyinə ümid bəsləyən Haminkar isə süvari dəstələri özü ilə götürmədi. Bundan xəbər tutan Qelon karfagenliləri qəfil yaxaladı və Haminkarın ordusunu darmadağın etdi. Bu məğlubiyyəti özünə sığışdırmayan Haminkar müqəddəs tonqala atılaraq özünü öldürdü.

      Həmin hadisədən sonra karfagenlilər 90 ilə yaxın müddətdə Siciliyanı rahat buraxdılar və Afrikadakı torpaqları ələ keçirməyə yönəldilər.

      Nəhayət, M.ö. 409-cu ildə Karfagen ordusu Siciliyanı qaytarmağa cəhd etdi. Ordu Hannibalın başçılığı altında dəniz yolu ilə Siciliyaya gəldi. Əvvəlcə buradakı Selinus, ardınca isə Qimer şəhəri tutuldu. Haminkarın özünü müqəddəs tonqala atdığı yerdə 3 min kişi və qadın işgəncələrə məruz qaldıqdan sonra qətlə yetirildi. M.ö. 406-cı ildə Sirakuz istisna olmaqla, Karfagen artıq Siciliyanın yunan hissəsinə sahib idi. Bir il sonra Sirakus tiranı Dionisi Karfagenlə sülh müqaviləsi bağlamağa məcbur oldu.

      Siciliyada mövqelərini gücləndirən karfagenlilər Qərbi Aralıq dənizinə nəzarəti də ələ almışdılar. Həmin vaxt Karfagen dövlətinin tərkibinə Cənubi İspaniya, Qades, Korsika, Sardiniya, Balear adaları, Malta və Şimali Afrika sahili daxil idi. M.ö. 348-ci ildə Karfagenlə Roma arasında müqavilə bağlandı. Həmin müqaviləyə görə karfagenlilər romalıların, romalılar isa karfagenlilərin torpaqlarına yaxınlaşa bilməzdilər. İki ölkənin torpaqları arasındakı sərhəd Korsika şəhəri oldu. M.ö. 306-cı ildə Roma ilə Karfagen arasında növbəti müqavilə imzalandı. Bu müqaviləyə görə Karfagen Romanın İtaliyada, Roma isə Karfagenin Şimali Afrikada hakimiyyətini tanıyırdı.

      Beləcə, təxminən M.ö. VIII əsrdən III əsrədək Roma ilə Karfagen Qərbi Aralıq dənizi sahillərində əsas dövlətlər kimi inkişaf etdi. Nə qədər ki, Karfagen Roma limanlarına soxulmur, Roma isə Karfagen ərazisinə girmirdi, hər iki dövlət qarşılıqlı uzlaşma şəraitində yaşayırdı.

      İtaliya üzərində hakimiyyətini tamamilə möhkəmləndirmək üçün Romaya təxminən üç əsr lazım oldu. Nəhayət, İtaliyanın böyük bir hissəsinə ağalıq edən Roma karfagenlilər və yunanların Siciliyada mövcudluğunu həzm etməməyə başladı. Romalıların fikrincə, bu onların daha geniş əraziləri ələ keçirmələrinə mane olurdu.

      Beləliklə, M.ö. 264-cü ildə Roma Siciliyaya soxulmaq qərarına gəldi. Bununla da Birinci Pun müharibəsi başladı.

      Birinci Pun müharibəsi

      (M.ö. 264–241-ci illər)

      Mamertinlər – İtaliyanın Kampaniya adlanan vilayətindən olan muzdlular idi. Onlar ilk Pun müharibəsinin əsas səbəbkarı hesab edilir. Sirakuzlu Aqafoklun yanında xidmət edən bu muzdlular karfagenlilərlə müharibədən sonra Siciliyada gəzib-dolaşırdılar. M.ö. 289-cu ildə Aqafokl öldü. Bundan sonra mamertinlər Messina şəhərinə doluşdular. Şəhər sakinləri onları gülərüzlə qarşıladı. Lakin mamertinlər tezliklə yerli əhalinin axırına çıxıb, mal-mülklərini öz aralarında böldülər və Siciliyanın şimal-şərq hissəsinə ağalıq etməyə başladılar. Aqafoklun varisi olan Gieron bu vəziyyətdən razı qalmayıb, onların üstünə hücum çəkdi. Lonqan çayı yaxınlığındakı döyüşdə mamertinlər məğlubiyyətə uğradı. Gieron bu qələbədən sonra Messinaya doğru hərəkət etsə də, karfagenlilər onlara qarşı çıxdılar. Mamertinlər karfagenlilərin hakimiyyəti altında olmaq istəmədikləri üçün romalılardan onları Messinadan qovmağı xahiş etdilər.

      Beləcə, bu şəhər Roma ilə Karfagen arasında mübahisəli bölgəyə çevrildi. Axırda romalılar karfagenlilərlə anlaşmanı pozmaq qərarına gəldilər və öz qoşunlarını Messinaya göndərdilər. Həmin vaxt Karfagen donanyması uzaqda olduğundan Qannonun başçılığı altında azsaylı ordu romalılara müqavimət göstərməyə çalışdı. Ancaq müqavimət nəticəsiz qaldı və romalılar Messinanı tutdular. Həmin məğlubiyyətdən sonra Qannon Karfagenə qayıtdı. Karfagenlilər Messinanı qoruyub saxlaya bilmədiyi üçün

Скачать книгу


<p>16</p>

Finikiya – indiki Suriya, Livan və İsrail ərazilərini əhatə edən, Aralıq dənizi sahilində qədim ölkə. M.ö. XIII-VIII yüzilliklərdə mövcud olmuşdur.

<p>17</p>

Tiran – Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyanın şəhər-respublikalarında hakimiyyəti zorla ələ keçirən şəxs