Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл

Чтение книги онлайн.

Читать онлайн книгу Şerlok Homs və doktor Vatson - Артур Конан Дойл страница 4

Şerlok Homs və doktor Vatson - Артур Конан Дойл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

yeni tanışımın xətrinə dəyəcəyimi düşünüb susdum. Sonra isə Holmsla qısa söhbətlərimizdən nəticə çıxarmağa çalışdım. Deməli, bu adam beynini gərəksiz hesab etdiyi məlumatlarla doldurmaq istəmir. Yalnız o məlumatları unutmur ki, onlardan nə vaxtsa, nə üçünsə yararlanmaq fikrindədir. Hətta bir dəfə ev yoldaşımın vacib, ya da gərəksiz saydığı biliklərin siyahısını müəyyənləşdirməyə çalışdım. Bununla da kifayətlənməyərək qələm götürüb onları özüm üçün qeyd etdim. Axırda siyahını oxuyarkən isə özümü gülməkdən saxlaya bilmirdim. Həmin siyahı ilə sizin də tanış olmağınız pis olmazdı.

      Beləliklə, Şerlok Holmsun maraq dairəsi:

      1. Ədəbiyyata dair biliklər – sıfır.

      2. Fəlsəfəyə dair biliklər – sıfır.

      3. Astronomiyaya dair biliklər – sıfır.

      4. Siyasi biliklər – kafi.

      5. Botanika. Təkcə xanımotunun, tiryəkin və zəhərli bitkilərin xüsusiyyətlərini bilir.

      6. Geologiya – əla. Fərqli yerlərə aid torpaqları elə ilk baxışdanca ayırd edir. Hətta bir dəfə gəzintidən qayıtdıqdan sonra balağına sıçramış ayrı-ayrı zığları mənə göstərdi, sonra da bu zığlardan hər birinin Londonun hansı ərazisinə aid olduğunu söylədi.

      7. Kimya – mükəmməl.

      8. Anatomiya – çox şey bilir, lakin bu bilgilər sistemli deyil.

      9. Cinayət xronikası – əla. Az qala, bir əsr qabaq baş vermiş bütün cinayətlərdən xəbərdardır.

      10. Skripkada gözəl çalır.

      11. Şpaqa və təlim qılıncı ilə mükəmməl davranır. Əla boksçudur.

      12. İngilis qanunlarından çox yaxşı baş çıxarır.

      Sonuncu bəndə çatdıqdan sonra mən siyahının olduğu kağızı əsəbi şəkildə sobaya atıb yandırdım. “Onun bildiklərini saymaqla qurtarmaz, – ürəyimdə dedim, – lakin nə olsun, anlamaq mümkün deyil, bunlar onun nəyinə gərəkdir. Axı Holmsun peşəsi ilə bildikləri arasında hansı əlaqə var. Yaxşısı budur, başımı boş yerə yormayım!”

      Yeni tanışımın skripkada gözəl ifa edə bildiyini yuxarıda söyləmişdim. Lakin burada da onun digər məşğuliyyətləri kimi nəsə qəribəlik vardı. Holmsun skripka üçün xeyli çətin əsərlər ifa etdiyinin şahidi olmuşdum. Məsələn, xahişimi yerə salmayaraq Mendelsonun “mahnıları”nı, digər sevdiyim melodiyaları çalmışdı. Lakin onun tək olanda hər hansı bu cür qəliz melodiya ifa etdiyini eşitməzdin. Holms axşamlar skripkanı dizi üstə qoyur, kürəyini kreslo arxalığına söykəyib gözlərini yumaraq yayı ehtiyatla simlərə sürtürdü. Bu zaman gah kədərli, gah da şən akkordlar ətrafa yayılırdı. Bir sözlə, ilk baxışdan mənə elə gəlirdi ki, onun ifaları əhval-ruhiyyəsindən asılıdır. Lakin zaman keçdikcə ayırd edə bilmirdim ki, söhbət ev yoldaşımın yalnız ovqatından gedir, yoxsa o hansısa qəribə, naməlum, sirli düşüncələrin təsiri altındadır. Əgər səbrimi tarıma çəkən bu cür qarışıq ifalardan sonra o, sümüyümə düşən başqa şeylər çalmasaydı, yəqin, dözə bilməz və Holmsun çalğılarına üsyan edərdim.

* * *

      Yeni mənzilə köçdükdən sonra ilk həftə bizi arayıb-axtaran olmadı. Bu səbəbdən də ev yoldaşımın da yaşadığımız şəhərdə mənim kimi tək-tənha olduğunu düşünürdüm. İntəhası, tezliklə yanıldığımı anladım: Holmsun Londonda xeyli tanışı var idi, üstəlik, bu tanışlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdilər. Çox keçmədi ki, sarı, solğun simalı, balacaboy bir nəfər Holmsa baş çəkməyə gəldi. Ev yoldaşım onu mənə cənab Lestreyd kimi təqdim etdi. Bu adam sifətcə siçovulu xatırladırdı, iti, qara gözləri var idi. O, bir həftə ərzində üç-dörd dəfə Holmsun yanına təşrif buyurdu. Bir gün səhər isə zərif, gənc bir qız gəlib yarım saata qədər ev yoldaşımın yanında qaldı. Elə həmin gün yəhudiyə oxşayan başqa bir nəfər də onunla görüşdü. Həmin adamın son dərəcə həyəcanlı olduğu gözümdən yayınmadı. Onun ardınca isə ayağında nimdaş başmaq olan bir qarı gəldi. Qarı getdikdən sonra Holmsun yeni qonağı gur, ağ saçları olan ortayaşlı bir kişi oldu. O da ev yoldaşımla nə barədəsə xeyli söhbət etdi.

      Holmsun növbəti qonağı velvet parçadan gödəkcə geyinmiş bir nəfər oldu. O, görünüşcə dəmiryol vağzalındakı yükdaşıyanları xatırladırdı.

      Hər dəfə bu cür qəribə ziyarətçilər gələndə Şerlok Holms məndən qonaq otağını tərk etməyimi xahiş eləyir, mən də qalxıb sakitcə öz yataq otağıma çəkilirdim. “Vacib görüşlərimi evdə keçirməli oluram, odur ki gərək bağışlayasınız”, – deyə Holms bir dəfə üzrxahlıq edərək izahat verdi. – “Onlar mənim müştərilərimdir”. Mən ondan işi barədə daha ətraflı soruşmaq istədim, ancaq bu dəfə də nəzakət xatirinə susdum. Belə fikirləşirdim ki, ev yoldaşımın öz peşəsini gizli saxlaması üçün kifayət qədər ciddi səbəbləri var. Lakin sonradan Holmsun özü bu barədə ətraflı danışarkən yanlış düşündüyümü anladım..

      Martın 14-də – bu tarixi yaxşı xatırlayıram – həmişəkindən fərqli olaraq yuxudan erkən oyanmış və yataqdan çox tez qalxmışdım. Bu zaman Şerlok Holmsun artıq qəhvəaltı etdiyini gördüm. Qulluqçu yuxudan gec oyanmağıma adət etdiyi üçün süfrəyə mənə aid qab-qacaq qoymamış, qəhvə bişirməmişdi. Odur ki masadan bir jurnal götürüb vərəqləməyə başladım. Holms isə həmin vaxt qızardılmış çörək tikəsini ləzzətlə çeynəyirdi.

      Vərəqlədiyim jurnaldakı məqalələrdən birinin altından qələmlə xətt çəkilmişdi. Bu, marağıma səbəb oldu və yazını oxumağa başladım.

      Məqalənin diqqət çəkən adı vardı: “Həyat kitabı”. Müəllif insanın şahid olduğu şeyləri sistemli və müfəssəl şəkildə müşahidə edərək çox şey öyrənə biləcəyini iddia edirdi. Məncə, müəllifin fikrini nə ağıllı, nə də axmaq mülahizə hesab eləmək olardı, daha çox bu ikisinin qəribə qarışığı idi. Bir çox fikirlər kifayət qədər məntiqli və inandırıcı görünsə də, mənə çox nəzəri və süni təsir bağışladı. Müəllif iddia edirdi ki, üz ifadələrindən, əzələlərin ən xırda hərəkətlərindən, yaxud adi baxışlardan qarşındakı insanın düşüncələrini təxmin etmək olar. Guya müşahidə və təhlil qabiliyyəti güclü olan adamları aldatmaq mümkün deyil. Amma müəllif öz fikirlərini elə bir üslubda ifadə etmişdi ki, onları oxuduqca sənə elə gəlirdi ki, bu fikirlər Evklidin[10] teoremləri kimi aksiomatikdir!

      Müəllif yazırdı: “Məntiqlə düşünə bilən insan Atlantik okeanı, yaxud Niaqara şəlaləsini görməsə, bu barədə heç nə eşitməsə belə, onların mövcudluğu ilə bağlı nəticə çıxara bilər. İnsan həyatı – səbəb və nəticələrin uzun

Скачать книгу


<p>10</p>

Evklid (təxm. M.ö. 325 – M.ö. 270) – qədim yunan riyaziyyatçısı. Evklid məşhur "Elementlər" kitabının müəllifidir.