Orion – 51. Ruzigar Ələkbər
Чтение книги онлайн.
Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 8
Gəlib, kiçik bir şəhər kafesinə çatdılar. Bu yerdə onun təəccübünə
səbəb olan bir şey də vardı ki, o da Demitrinin həddindən artıq qırışmış
üzü idi. O, onu heç vaxt belə görəcəyini düşünməzdi.
Küncdə bir masanın arxasında əyləşdikdən sonra xidmətçini çağırıb, iki fincan çay sifariş etdilər. Qarson gənc, qırmızı saçlı və ortaboylu, qarabuğdayı bir qız idi.
– Danış görək, di nə olub, ay yaramaz!
Lefteris çamadanından eşələyib çıxardığı istefa sənədini onun qarşına qoyub, arxaya yayxandı. Şübhəli baxışlarla kağıza baxan Demitri, eynəyini taxıb, kağızı titrək əlləri ilə gözünə yaxınlaşdırdı.
– Səni görüm ölüb, yerə girəsən! Bu nə hoqqadır?! – deyə, Demitri əsəbdən az qala qışqıracaqdı, lakin güclə səsini qısıb yavaşdan pıçıldadı.
– Mənə həkim, ya da psixoloq lazımdır.
– Nə sarsaqlayırsan? Sual verdim ki, bu nə biabırçılıqdı?
– Qulaq as, Demitri, əlbəttə sənə böyük məmnuniyyətlə hər şeyi izah edə bilərəm, lakin söz ver ki, məni axmaq adlandırıb, çıxıb getməyəcəksən.
Demitrinin əsəbdən əlləri titrəyirdi. Bir qədər fikrə gedib, nəhayət, təmkinlə dilləndi:
– Eşidirəm.
– Demitri, mənim əsəblərim təmiz pozulub. Gözümə qəribə şeylər, daha doğrusu şey görünür. Yaşlı bir kişi, gecələr səmada peyda olur və
mənimlə söhbət edir. Mənə elə şeylər haqqında danışır ki, onu heç bir insan övladından eşidə bilmərsən. O şey ki, hər nədir, bilmirəm, amma çox müdrik bir şeydir. Onu hətta Tanrı da adlandıra bilərəm, ancaq onu Orion deyə çağırıram. İstefaya səbəb olan da məhz bu şeydir.
– Sən doğrudan da, havalanmısan! Mənə nağıl danışma! Deyirəm ki, danış görüm niyə qovdular səni?!
– Gecələr gözümə yaşlı kişi görünürdü. Bunu oradakılara danışdım və
axırı da bu oldu. Mənə dedilər ki, həkimə müraciət etməliyəm.
– Bağışla, amma daha bu qədər bəsdir! Nə vaxta qədər sənin zir-zibillərini mən təmizləyəcəm? O qədər murdarlıqdan sonra, indi də pey-ğəmbərlik eşqinə düşmüsən?! Bəlkə, bu sənin məndən pul qoparmaq üçün növbəti hiyləndir?
İndi mənə qulaq as, məbada gedib, Sofiaya bu nağılı danışasan, inan ki, səni bu şəhərdən rədd etdirərəm.
– Axı niyə? – deyə, Lefteris ümidsiz şəkildə soruşdu.
– Hələ bir niyə də deyirsən? A kişi, sən nə qanmaz adam imişsən!
Necə üzsüz, necə alçaq adamsan ki, hələ bir durub yenidən bura qayıt-mısan. Bu şəhərdə hamı sənin kim olduğunu bilir, bunu elə bilirsən ki, unudublar? O qızın valdeynləri, hələ də məhkəmələrlə mübarizə aparırlar.
– Onların nə düşündüyü və nə etdiyi mənə maraqlı deyil. Bu, sadəcə, mənim gənclik vaxtlarımdakı axmaqlığım idi.
Bu vaxt hiddətlənən Demitri ayağa qalxdı və onun paltosunun yaxasından yapışıb, qışqırdı:
– Əclaf, mən nə dildə danışıram, qanmırsan?! Deyirəm ki, boşboğazlıq eləmə, başa düşdün?!
Bu sözləri o elə hərarətlə qışqırırdı ki, onun ağız suyu Lefterisin bütün sifətini yumuşdu. İri addımlarla qapıya yaxınlaşıb, çıxmazdan qabaq barmağını Lefterisə tuşlayaraq:
– Bir də qarşıma çıxma, çıxsan, indiki kimi olmayacaq! – dedi və qapını möhkəmcə çırpıb getdi.
Lefteris sakit-sakit onun küçədə görünən yerişini izləyib, dodağını gəmirdi. Qarsonu çağırıb, uzo sifariş etdi. Qarson şübhəli-şübhəli onu süzüb, sakitcə çay fincanlarını masadan götürdü. Sonra da yavaş addımlarla barın arxa hissəsində görünməz oldu.
Az sonra əlində padnis masaya yaxınlaşan xidmətçi, şübhəli gözlərini hələ də, Lefterisin üzərində sabitləmişdi. Uzo şüşəsini masanın üzərinə
qoyub, onu ehtiyyatla sabitlədi. Əllərini şüşədən çəkəndə, Lefteris biixtiyar şüşənin üzərindəki, “Coma Berencies” yazısını oxudu. Şüşənin etiket kağızı gecə səması və “Veronikanın Saçları” bürcü ilə dizayn edilmişdi.
Bundan sonra astaca, iri addımlarla keçib, Lefterisin qarşısında oturan xidmətçi, ona ciddi nəzərlərlə baxmaqda idi.
– Necəsən, Lefteris? – deyə, qız soruşdu.
Bu hərəkətdən, bu sualdan narahat olmağa başlayan Lefteris, qəribə
çaşqınlıqla qarşılıq verib, dedi ki, onu tanımır.
– Adım, Veronikadır.
Bu yerdə düşüncələrini sabitləməyə çalışan Lefteris, qəribə həyəcan keçirməyə başlamışdı. Lakin bu həyəcanın nədən qaynaqlandığından əmin deyildi. Uzun müddətdir ki, bir qadınla ünsiyyət qurmadığına görə ola bilərdimi? Bəs əgər, daha ağılasığmaz olan məqam, əgər o, həmin o halisunasiyalardan biri idisə?
– Gözləriniz niyə qırmızıdır? Olmaya gecələri yatmırsınız?
– Mən.. Əslində, hə, çox yatmaqla aram yoxdur.
– Bəlkə, probleminiz elə bundan qaynaqlanıb? – Veronika sözləri uzada-uzada dedi.
– Hansı problemim? – Lefteris astaca yerində dikəldi.
– Gözünüzə görünənlər, qəribə şeylər..
– Hə, əslində, heç bilmirəm…
Masanın üzərindəki şüşəni göstərib, “içməyəcəksiniz?” – deyə, Veronika soruşdu.
– İstəyirsinizsə, bir yerdə içək. – Lefteris təklifindən bir qədər utanıb, dayandı.
– Hellenasın ideal