Metro-2033. Дмитрий Глуховский
Чтение книги онлайн.
Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 5
– Mən də onu deyirəm. Pulu hər şeydən çox sevirlər. Başqalarından daha yaxşı yaşamaq istəyirlər. Bəs belədirsə, tunelin içində azdıqlarında nə edəcəklərini bilirsən? O biri stansiyada, hansısa agentin onları satın ala bilməyəcəyinə təminat verə bilərsənmi? Təminat verə bilərsən, yoxsa yox?
– Hansı agentlər? Bizimkilərdən elə şey görmüsən?
– Bax, Artyom! Hələ cavansan, çox şeyi də bilmirsən. Ən yaxşısı budur, yaşlıların dediklərinə diqqətlə qulaq as! O zaman daha çox yaşayarsan, buna əmin ol!
– Alverçilər olmasa, burada silahsız qalarıq. Köhnəlmiş “Berdan” tüfənglərilə 4 qaralara duz püskürdüb, sonra da oturub çayımızı içərdik.
– Yaxşı, yaxşı, iqtisadçı olub başımıza! Ən yaxşısı, Saşanın orada nə gördüyünü danış. Qonşu stansiyalarda nələr baş verib? “Alekseyevskaya”da, “Rijskaya”da…
– “Alekseyevskaya”damı? Yeni nəsə yoxdur. Göbələk yetişdirməyə davam edirlər. Sadəcə bir kənddir ora, başqa nəsə yoxdur. Demək istədiyim, – Artyom səsini alçatdı, – Sadəcə bizə qoşulmaq istəyirlər. Deyəsən, “Rijskaya” da əleyhinə deyil. Cənubdan təzyiqlər getdikcə artır. Hazırda vəziyyət yaxşı deyil. Davamlı olaraq bəzi həyati təhlükələrdən danışırlar, ortada söz-söhbətlər gəzir. Hamı nədənsə qorxur, amma nə səbəbdən və nə üçün qorxduğunu heç kim bilmir. Bəzən “Hanza” İttifaqından qorxurlar, bəzən də başqa şeylərdən. İndi bizimlə danışıqlara başlayıblar.
– Bəs nə istəyirlər?
– Onlarla federasiya qurmağımızı, ortaq müdafiə sistemi yaratmağımızı, hər iki tərəfdən sərhədləri gücləndirməyi, tunellərdə daimi işıqlandırma sisteminin qurulmasını, polis təşkilatının yaradılmasını, yan tunellərin, koridorların torpaqla örtülməsini, nəqliyyatda istifadə olunan qurğuların istifadəyə verilməsini, telefon kabellərinin döşənilməsi və boş ərazilərdə göbələk əkilməsini… Qısası, istəyirlər ki, yaranan çətinlikləri birlikdə dəf edək.
Andrey donquldandı:
– Bəs daha əvvəl haradaydılar? Bütün bu qorxunc varlıqlar “Botaniçeski Sad”dan, “Medvedkovo” stansiyasından bura gəldikləri zaman, haradaydılar? Qaralar bizə hücum edəndə nə düşünürdülər?
– Andrey, mənə bax! – Pyotr söhbətə qoşuldu, – Başına bəla açma. Xoşbəxtlikdən, hələ qaralar buraya gəlməyiblər! Əslində, biz heç onları məğlub da etmədik. Hər halda öz aralarında nəsə hadisə baş verib, məhz bunun üçün hələ səsləri çıxmır. Bilmək olmaz, bəlkə də qüvvə toplayırlar. Bütün hallarda, bu qonşularla əməkdaşlıq etmək bizim üçün xeyirlidir. Hətta deyərdim ki, digər qonşularımızla da… Belə əməkdaşlıqlar hər iki tərəfin xeyrinə olardı.
– Nəticədə hamımız müstəqil, bərabər və qardaş olarıq, – Andrey əsəbi şəkildə və ironiyayla bunları deyərkən, bir tərəfdən də əllərini ölçürdü.
Artyom incik səslə:
– Deyəsən, söhbətim daha sizi maraqlandırmır! – dedi.
– Yox, Artyom, sən davam et! – Andrey dedi, – Pyotrla mən daha sonra davam edərik. Bu ikimizin arasındakı əbədi davadır. Heç vaxt bitməyəcək.
– Yaxşı! Sözdə rəhbər qəbul etdiyimiz, sadəcə bu məsələlərin incəliklərini müzakirə etmək lazımdır. Bu yaxınlarda iclas olacaq. Sonra da referendum.
Andrey ağzını büzüşdürdü:
– Bəli, bəli! Referendum. Xalq “bəli” desə, hər şey qaydasındadır. Demək, əksinə, “yox” qərarı versə, xalq səhv qərar vermiş olacaq. Belə olduğu halda, bu məsələlər üzərində bir daha fikirləşmək lazımdır.
Pyotr Andreyeviç Andreyin fikirlərinə əhəmiyyət vermədən soruşdu:
– Bəs “Rijskaya” stansiyasında, orda nə hadisə baş vermişdi?
– Yaxşı! Bəs bu stansiyanın arxasınca nə gəlir? Prospekt Mira5, “Hanza” İttifaqıyla sərhəddimiz. Atalığım “Hanza” İttifaqında heç nəyin dəyişmədiyini dedi. “Qızıl Ordu” əsgərlərilə bağlanılan sülh hələ qüvvədədir. Müharibəyə artıq heç kim əhəmiyyət vermir.
“Hanza” İttifaqı əvvəllər “Koltsevaya” Xəttindəki Stansiyaların Birliyi adlanırdı. Lakin bu xətt başqa xəttlərin kəsişməsində yerləşdiyinə görə, bütün metronun kommersantları bura toplandı və “Koltsevaya” İttifaqına əhali arasında “Hanza”6 deyilməyə başladı. Tədricən, hətta rəhbərlik tərəfindən də bu ittifaq “Hanza” adlandırılmağa başladı. Bu ad ittifaq üçün daha uğurlu hesab olundu.
İlk vaxtlar bu ittifaq “Koltsevaya” xəttindəki stansiyaların ancaq bir qismini əhatə edirdi. Birləşməsə tədricən həyata keçirilmişdi. Əvvəlcə “Kievskaya”dan “Prospekt Mira” ya qədər uzanan, “Kurskaya”, “Taqanskaya” və “Oktyabrskaya” stansiyalarını da əhatə edən “Şimal Qövsü” yaranmışdı. Daha sonra birliyə “Paveletskaya” və “Dobrınskaya” stansiyaları da əlavə edildi. Beləliklə, ikinci xətt – “Cənub Qövsü” yarandı. Lakin bu “qövs”lərin birləşməsi yolunda əngəl vardı və bu, “Sokolniki “xəttindəydi.
– Əslində, bütün məsələ bundan ibarətdir, – bir dəfə Artyomun atalığı demişdi, – “Sokolniki” xətti həmişə fərqlənib. Plana baxanda bunu birbaşa görmək mümkündü. Birincisi, bu xətt düzxətli oxa bənzəyirdi. Həmçinin, tünd qırmızı rənglə işarələnmiş, üstəlik bütün planlarda stansiya adları özlərinin nə olduqlarını bəlli edirdilər. Misal üçün: “Krasnoselskaya” adlı yerə, 1944-cü ildə faşistlərin işğalından azad edilmiş “Qırmızı kənd” adını vermişdilər. Sonra “Krasnıye vorota”, “Komsomolskaya” stansiyası, “Biblioteka imeni Lenina” və “Leninskiye qorı” olmuşdu.
Görkəmli sosialist keçmişimizə həsrət qalan bəzi insanlar bəlkə, bu adlara görə, yaxud başqa səbəbdən bu xətt üzərində birləşmişdilər. Sovet dövlətini yenidən qurmaq barədə bir-birindən fərqli planlar cızılmağa başlanmışdı.
İlk stansiya kommunizmin ideallarını, sosialist hökumət quruluşunu rəsmi şəkildə qəbul etdiyini elan edən kimi, çox keçmədən yanlarındakı stansiyalar ona qoşulmuşdu. Arxasınca tunelin o başındakı insanlar da onu izləmişdilər. İnqilabın həyəcanına qapılıb öz rəhbərlərini belə devirmişdilər. Artıq onları heç kim saxlaya bilməzdi; həyatda qalan son müharibə