Metro-2033. Дмитрий Глуховский
Чтение книги онлайн.
Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 11
Artyom işin lap əvvəlindən bəri buna qarşı çıxmışdı. Ögey atasının ən son danışdıqları hələ yaddaşına yenicə həkk olunmuşdu. Artyom, yuxarı çıxıb ağır xəstələnən insanlardan, gördükləri qorxulu şeylər haqqında danışanda digər iki dostu onu razı salmağa çalışıdlar. Əllərinə düşən bu bir dəfəlik şansdan istifadə etməliydilər, yanlarında böyüklərdən biri olmadan, bu atılmış stansiyaya bir də nə vaxt gəlməyə cəsarət edə biləcəkdilər? Üstəlik, öz gözlərilə görmək fürsətləri vardı – başların üstündə heç nə olmayan yeri görmək.
Dostları Artyomu razı sala bilmədiklərini gördükdən sonra qərara gəldilər ki, Artyom yuxarı çıxmağa qorxur. Belə olduğu təqdirdə Artyomsuz gedəcəkdilər. Tərk edilmiş stansiyada tək başına qalmaq, üstəlik, dostları tərəfindən təhqir edilmək Artyoma o qədər pis təsir etmişdi ki, nəticədə dişlərini qıcayaraq razılaşmışdı.
Platformayla eskalator arasındakı sistemi açan mexanizmi hərəkətə gətirməyi bacarmışdılar. Yarım saatlıq ümidsiz cəhd nəticəsində Artyom sistemi işə sala bilmişdi. Eskalatorun bir neçə pilləsi düşmüşdü, qalan paslı nərdivanların arasından fənərlə illərdir görmədikləri, eskalatoru hərəkətə gətirən böyük çarxların dişlərini görmüşdülər. Demək olar, hamısını pas basmış, üzəri qeyri-müəyyən hərəkət edən qəribə rənglə örtülmüşdü.
Üçünün yuxarıya dırmanmağı bacarması bir neçə dəqiqə davam etmişdi. Köhnəlmiş, paslanmış eskalator onların ağırlıqlarına tab gətirməyərək hər yuxarı qalxdıqca bir pillə qırılaraq aşağı düşürdü. Açılan deşiklərindən pilləkən işıqlarının köməyilə keçə bilərdilər. Yuxarıya çıxan yol uzun deyildi, amma ilk pillənin qırılıb düşməsindən sonar bayaqkı qərarlı, iradəli hərəkətlərindən əsər qalmamışdı. Yenidən cəsarətlərini toplamaq üçün əsl “stalker” olduqlarını xəyal etmişdilər.
Stalker… Bu söz qulağa hər nə qədər qəribə, yad gəlsə də rus diliyçün artıq doğmalaşıb. Əvvəllər bu söz mərmidən qalan artıqlar, hələ patlamamış bombaları quraşdırmaq, kapsulları metal toplayıcılarına təhvil verməkçün tərk edilmiş hərbi təlim mərkəzlərinə gözü bağlı girmək cəsarətini göstərən yoxsul insanlar, yaxud sülh vaxtı kanalizasiyalarda məskən salan və başqa işləri yerinə yetirən, ağla gələn hər növ bərbad işlərçün istifadə edilən ifadədir. Amma hamısının bir ortaq nöqtəsi vardı: Özlərini davamlı ən ucdakı təhlükələrə ataraq araşdırılmamış, qeyri-müəyyən, bilinməyən, uğursuz işlərə gözü bağlı girirdilər.
Radiasiyanın zəhərlədiyi tərk edilmiş təlim mərkəzlərində hansı hadisələrin baş verdiyini kim hardan biləcəkdi?
İnşaat ustaları dar, iyli, həmçinin, zil qaranlıq labirinti bir daha görməmək üçün birdəfəlik bağladıqdan sonra, bu böyük şəhərin kanalizasiyasında hansı qəribə, qeyri-adi hadisələrin baş verdiyi ancaq xəyal edilə bilərdi.
Metroda “stalker” adlandırdılan şəxslər də bu sirlə dolu qəribəlikləri meydana çıxarmağa cəhd edən şəxslərdi. Əyinlərində mühafizə geyimləri, mühafizə eynəkləri, qaz maskalarıyla, başdan-ayağa silahla təchiz edilmiş bu şəxslər belə, zəruri ehtiyaclar üçün yuxarıya çıxa bilmirdilər: silah anbarı, avadanlıqlar, ehtiyat hissələr, yanacaq kimi. İndiyə qədər yuxarıya çıxmağa çoxları cəhd etmiş, buna nail də olmuşdular. Lakin çox az qismi sağ-salamat geri qayıtmışdı. Bu insanlar qızıl kimi dəyərliydilər, hətta metronun ən köhnə işçilərindən daha çox maraq göstərilir, onlardan daha çox qorunurdular. Bilmirdilər ki, yuxarıda onları çox qəribə, qorxulu təhlükələr pusquda durub gözləyirdi, radiasiya şüalarından tutmuş, bu zərərli təsirdən meydana çıxan qorxulu varlıqlara qədər. Bəli, yuxarıda hələ həyat vardı, lakin ümumi olaraq hamının bildiyi həyata heç bənzəmirdi.
Hər stalker, yaşayan canlı əfsanəydi; cavanıyla qocasıyla hamının böyük rəğbətlə qarşıladığı ilahi varlıq kimiydilər. Üzərək, yaxud uçaraq gedilməsi mümkün olmayan, “pilot”, “dənizçi” sözlərininin unudulub zamanla mənalarını itirdiyi dünyada göz açmış uşaqlar stalker olmağa həvəslənirdilər. Özlərini dərin sevgi, rəğbətlə izləyən minlərlə insanın baxışlarının altında parıldayan silahlarıyla yuxarıya, tanrılara tərəf dırmanmaq… Vəhşilərlə vuruşmaq və geriyə qayıtdıqlarında yeraltında yaşayan insanlara yanacaq, silah-sursat, işıq və tonqal gətirmək, yəni yenidən həyat bəxş etmək.
Artyomla dostları, Jenya və Mızmız Vitali uşaqlıqlarından bəri stalker olmaq istəyirdilər. Böyük çətinliklə pillələri qırılıb dağıdılmış, pas basmış eskalatordan yuxarıya dırmanarkən, kürəklərindən mühafizə geyimləri, əllərində də eyniylə əsl stalkerlərdəki kimi güclü silahları olduqlarını xəyal edirdilər. Halbuki bunların heç biri yoxdu, əksinə, əllərində köhnə bir qoşa lülə silah vardı. o da işlək vəziyyətdə deyildi.
Bir az sonar artıq səthə yaxınlaşmışdılar. Xoşbəxtlikdən gecə düşmüşdü, yoxsa kor olacaqları qətiydi. İllərdir, yer altındakı qaranlığa, qırmızı qəza siqnalı işıqlarına, tonqallara uyğunlaşmış gözləri kəskin şüalara tab gətirməyəcək, çarəsiz, kor halda evin yolunu belə, tapa bilməyəcəkdilər.
“Botaniçeski Sad” stansiyasının platforması, demək olar, sıradan çıxmış, dam hissəsi uçulmuşdu. Açılan deşikdən tamamilə təmiz, ulduzlu göy üzünün nə məna ifadə etdiyini hardan biləcəkdilər ki?
Gözlərini yuxarı çevirəndə beton tavan, kabellərlə borulardan ibarət kiflənmiş labirint yerinə, tünd mavi bir zəmini görmək, necə duyğu ola bilərdi? Ulduzlar! Həyatında heç ulduz görməmiş insan sonsuzluq nədir xəyal edə bilərdimi? Axıb gedən milyonlarla alov topası, gümüş mismarlar sanki mavi məxmər parçadan ibarət günbəzə mıxlanmışdı.
Cavanlar təxminən beş-on dəqiqəyə yaxın heç nə danışmadılar, sükut içində bu qəribəlikləri həm qorxuyla, həm də qeyri-adi duyğuyla müşahidə edirdilər. Bir az da belə qalsaydılar, bəlkə də diri-diri yanardılar. Birdən düz yanlarında ruh titrədən qəribə fəryad eşitdilər. Bir anda yenidən özlərinə gəldilər, çox böyük çətinliklə hərəkət edən pilləkənlərə tərəf qaçıb təngənəfəs aşağı düşdülər. Sağa-sola diqqət etmədən enərkən bir neçə dəfə müvazinətlərini itirib az qala çarxların üzərinə düşəcəkdilər. Amma bir-birlərindən yapışıb özlərini içəri atmışdılar, tezcənə aradan çıxmışdılar.
Pilləkənlərin son on mərtəbəsini, az qala yıxıla-yıxıla, çətinliklə enərkən əllərindəki köhnə qoşa lüləni də itirmişdilər. Ani olaraq qapalı su anbarının idarəetmə kabinetinə hücum etmişdilər. İşin tərsliyindən dəmir qapı sanki mıxlanmış şəkildə dururdu, yerindən hec cür tərpənmirdi…